Qədəşovun 14 milyon manat mənimsəyən kürəkəninə hökm oxundu - "Atlant" müsadirə edildi

"Təbriz" MTK-nın dələduzluqda ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məmmədovun cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən iclasda hökm oxunaraq Nofəl Hacıyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Talış Məmmədova isə 1 il sınaq müddəti olmaqla, 3 il şərti cəza verilib.
Nofəl Hacıyev "Təbriz" MTK-nın rəhbəri, Talış Məmmədov isə icraçı direktoru olub.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaq edilən işin materiallarına görə, Nofəl Hacıyev 2018-2022-ci illər ərzində "Təbriz" MTK-nın Nərimanov rayonu ərazisində tikilmiş binasından bir mənzili bir neçə nəfərə satıb. Nəticədə 172 vətəndaşın 14 milyon manat pulu dələduzluq yolu ilə ələ keçirilib.
Qeyd edək ki, Nofəl Hacıyev "Atlant" İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşovun kürəkəni, eyni zamanda istirahət mərkəzinin şərikidir. İttihama görə, o, vətəndaşlardan alınan 14 milyon manatı "Atlant"ın təmir-tikinti işlərinə yatırıb.
Məhkəmə istintaqı ilə əlaqədar "Təbriz" MTK-nın Nərimanov rayonu ərazisində sözügedən yaşayış binası və Nabran qəsəbəsində, dəniz sahilində yerləşən "Atlant" İstirahət Mərkəzi müsadirə edilib.
Rəylər (0)
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.